BAKI, 19 dekabr. TELEQRAF

“Ölkə üzrə ilkin vərəmli xəstələrin sayı - 1 875, təkrar vərəmli xəstələrin sayı - 1 647 nəfərdir. Beləliklə, cəmi 3 522 nəfər 2025-ci ilin 11 ayı üzrə dispanser qeydiyyatına alınıb, onlardan isə 579 nəfər dərmana davamlı xəstələrdir”.

Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

O qeyd edib ki, xroniki böyrək çatışmazlığı üzrə tədbirlər çərçivəsində 4 337 nəfər xəstə qeydiyyata alınıb.

“Hemodializ xidməti üzrə mövcud vəziyyətə gəldikdə, hazırda respublika üzrə və TƏBİB tabeliyində hemodializ xidmətinin göstərildiyi tibb müəssisələrinin sayı 43, hemodializ şöbələrinin sayı 46, hemodializ aparatlarının sayı isə 675-dir. Cari il ərzində icra olunmuş hemodializ seanslarının ümumi sayı 503 892 təşkil edib”.

O qeyd edib ki, cari il ərzində proqram üzrə müxtəlif adda dərman vasitələri, tibbi ləvazimatlar, hemodializ məsrəfləri və hemodializ aparatları təmin edilərək hemodializ mərkəzlərinə paylanıb.