BAKI, 19 dekabr. TELEQRAF

“Hər il Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağını eşidirdik, amma sonda heç nə olmadı”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Böyük Britaniyanın sabiq baş naziri Boris Conson söyləmişdi ki, NATO genişlənməyəcək və heç vaxt genişlənmək niyyətində deyil. Ukrayna isə dörd ildir NATO üzvü olmaq hüququ da daxil olmaqla, mübarizə aparır. İndi isə bu müharibənin sonunda onlara heç vaxt Ukraynanı NATO-ya qəbul etmək niyyətində olmadıqlarını deyirlər.

Buxarest zirvəsindən, 2008-ci ildən sonra hər il Ukrayna və Gürcüstanın mütləq NATO üzvü olacağı barədə açıq mesajlar eşidirdik. Hər il Ukraynaya mütləq üzv olacağını deyirdilər. İndi məlum oldu ki, onlar heç vaxt Ukraynanın NATO üzvü olmasını istəməyiblər. Bunun iki izahı var. Birincisi, bu, ola bilsin, hansısa Qərb siyasətçisinin sadəlövhlüyüdür. İkincisi, bu, zərərli niyyətdir: ölkəni ruhlandırmaq, onda belə bir təsəvvür yaratmaq - Avropadan maliyyələşən QHT-lər və avropalıların çox sevdiyi kimi, guya artıq açıq qapının astanasındadır, artıq pəncərənin yanındadır, içəri girməyə bir addım qalıb, bu ruhlandırma ilə də hər cür eskalasiyaya getsin. Saakaşvili bunu 2008-ci ildə etmişdi (Rusiya-Gürcüstan müharibəsi), indi də Ukraynada görürük”, - spiker bildirib.

Papuaşvili əlavə edib ki, sonda, müharibə başlayanda səngərdə bir nəfər də olsun, NATO əsgəri olmur: “Bu, bu gün yenidən aydın şəkildə gördüyümüz həqiqətdir. Kədərli reallıq budur”.