BAKI, 4 iyul. TELEQRAF
“Bakı-Tbilisi-Qars layihəsində nəzərdə tutulan işlərin 98,5 faizi yerinə yetirilib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan hökuməti açıqlama yayıb.
Qeyd edilib ki, Gürcüstan Dəmir Yolunun modernləşdirilməsi layihəsi də başa çatmaq üzrədir, bundan sonra BTQ-nin gücü demək olar ki, iki dəfə artacaq. Xəttin ötürücülük qabiliyyətinin 27 milyon tondan 48 milyon tona yüksələcəyi proqnozlaşdırılır.
İqtisadçı-deputat Vüqar Bayramov Teleqraf-a açıqlamasında bildirir ki, BTQ xəttinin həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyəti olduqca böyükdür:
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun vacib nəqliyyat qovşaqlarından hesab olunur. Bu xətt təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat şəbəkəsi deyil, həm də Orta Dəhlizin imkanlarının genişlənməsinə xidmət edən mühüm bir layihədir. Xüsusilə xəttin ötürmə qabiliyyətinin vaxtilə 5 milyon tona çatdırılması region üzərindən daha çox yüklərin daşınmasına imkan yaradıb. Bu, Azərbaycanın dövlət gəlirlərinin artmasına və ölkəmizin geosiyasi mövqeyinin güclənməsinə xidmət edir”.

Deputat əlavə edib ki, Azərbaycan dəmir yolu infrastrukturunda son illər ciddi uğurlar əldə edib:
“Bir tərəfdən infrastruktur genişlənib, digər tərəfdən elektron xidmətlərdən istifadənin artması bu sahəyə olan tələbatı artırıb. Nəticədə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti artıb, Azərbaycan üzərindən daşınan yüklərin həcmi artıb. Bütün bu gedən proseslər nəinki regionda nəqliyyat imkanlarını genişləndirir, eyni zamanda Azərbaycanın qeyri-neft sektorundan gəlirlərinin artmasına da mühüm töhfə verir.”.
İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, BTQ Azərbaycanın beynəlxalq tranzit mərkəzinə çevrilməsində mühüm rol oynayır:
“BTQ-nin geosiyasi əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycanı alternativ və təhlükəsiz nəqliyyat dəhlizi ilə dünya bazarına çıxarır. Rusiyadan yan keçən marşrut kimi bu xətt Avropa üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın rolunu artırır. Eyni zamanda Türkiyə ilə birbaşa dəmir yolu bağlantısı yaradaraq Azərbaycanın Qərbə inteqrasiya imkanlarını genişləndirir. Azərbaycan BTQ vasitəsilə yük daşımalarından tranzit haqqı qazanır, logistika və nəqliyyat sektorunda canlanma baş verir. Xüsusilə Gəncə-Qazax bölgəsində yeni iş yerləri yaradılıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, anbarlar və digər nəqliyyat infrastrukturları bu xətt sayəsində daha da fəallaşıb”.
.jpg)
Ekspert gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi ilə BTQ-nin daha geniş inteqrasiya imkanlarına səbəb ola biləcəyini bildirib:
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə BTQ xətti Naxçıvan və Türkiyə ilə birləşərək Türk dünyasını vahid dəmir yolu şəbəkəsi ilə birləşdirə bilər. Bu isə gələcəkdə region üçün yeni iqtisadi və strateji imkanlar yaradacaq”.
Xatırladaq ki, yükdaşımaların həcminin genişləndirilməsi üçün aparılan modernləşdirmə işləri sayəsində 2024-cü ilin mayında BTQ xəttinin ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu layihə çərçivəsində 61 km yeni rels, 98 km enerji xətti, 172 km elektrik kabeli və 338 km fiber-optik kabel çəkilib. Məhz yenidənqurma işləri ilə əlaqədar 2023-cü ilin may ayında BTQ xətti üzrə daşımalar müvəqqəti olaraq dayandırılmışdı. İşlərin əsas hissəsi Gürcüstan ərazisində aparılıb. 2024-cü ilin mayında bu mərhələ tamamlandıqdan sonra yükdaşımalar yenidən bərpa edilib.

Qeyd edək ki, 2024-cü ildə bütövlükdə Azərbaycan dəmir yolları vasitəsilə 7.3 milyon ton tranzit yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 5,7 fazi artım deməkdir. Daşınmış yüklərin təxminən 4 milyon tondan çoxu BTQ vasitəsilə həyata keçirilib.