BAKI, 1 iyul. TELEQRAF
Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.
İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bununla əlaqədar nazirlikdə keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə "Mətanət A" və "TuranAz" şirkətləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Sənədlər müvafiq olaraq, quru tikinti qarışıqları, gipsokarton istehsalı və Özbəkistanın Namanqan şəhərində yaşayış evlərinin tikintisi layihələrini əhatə edir.
Bununla yanaşı, Azərbaycan və Özbəkistan şirkətləri süd məhsullarının istehsalı üzrə sənədlər imzalayıb. Sənədlər "Panamilk" və "Atena", “Jizzax Organic” və "Milla Dairy" şirkətləri arasında imzalanıb.
Tədbirdə, həmçinin Özbəkistanın “Havas Holding” və Azərbaycanın "RJ CHEMICAL CO" şirkətləri arasında məişət məhsulları (kimya) istehsalı və satışı üzrə tərəfdaşlığa, Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyası ilə Azərbaycanın "STP Global Cable" şirkəti arasında yüksək gərginlikli kabellər istehsalı layihəsi üzrə əməkdaşlığa dair sənədlər imzalanıb.
Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini stimullaşdıracaq.
*** 13:01
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun rəhbərliyi ilə Azərbaycanda səfərdə olan biznes nümayəndələri ilə görüşü çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini gücləndirəcək.