BAKI, 13 iyun. TELEQRAF
"İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun olaraq müvəkkil banklar tərəfindən təxminən 55 min borcalan üzrə 3,5 milyard manatdan çox ipoteka krediti verib. Bunun 78 faizi Bakı şəhərinin, 22 faizi isə respublikanın digər şəhər və rayonlarının payına düşmüşüb".
Teleqraf xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı ipoteka şərtlərinə uyğun kontingentin 90%-nin Bakı və Abşeronda yaşaması ilə əlaqədar ipoteka siyasətinin dəyişdirilməsi və onu paytaxtdan bölgələrə yönəldilməsinin zəruriliyi ilə deputatların iradlarına cavabında bildirib.
Nazir qeyd edib ki, regionlarda fəaliyyət göstərən əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi qaydada məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb:
"Eyni zamanda, əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar tərəfindən ipoteka kreditləri verilir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb".