BAKI, 11 iyun. TELEQRAF
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Teleqraf xəbər verir ki, qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib.
İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6.3%, aylıq inflyasiya isə 0.3% təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7.6%, qeyri-ərzaq malları üzrə isə 2.7% təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.
Son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin aprelində əmtəə qiymətləri indeksi aylıq 1%, illik isə 4.6% azalıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyni ayına nəzərən 9.6% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə müqayisədə sabit qalıb.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 4 ayında da xarici ticarət balansında müsbət saldo qeydə alınıb. 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozu dəyişməz qalır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il iyul ayının 23-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.