TBİLİSİ, 3 iyun. TELEQRAF
Gürcüstanla Azərbaycan arasında “İpək Yolu” adlı birgə gömrük-keçid məntəqəsinin inşası üzrə fəal iş davam etdirilir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib.
Qeyd olunub ki, məntəqə ölkələrin tranzit-logistika imkanlarının inkişafına və bölgənin nəqliyyat və ticarət əlaqələrinin daha da möhkəmləndirilməsinə imkan verəcək.
Sənədə əsasən, layihənin məqsədi Gürcüstan və Azərbaycan arasında birgə idarəçilik prinsipi əsasında sərhəd-buraxılış məntəqəsinin yaradılmasıdır.
“2024-cü ildə qurumlararası komissiya yaradılıb, işçi görüşlər keçirilib və saziş layihəsinin daxili müzakirələri başa çatdırılıb. Saziş diplomatik kanallar vasitəsilə Azərbaycan tərəfinə təqdim olunub. 2025-ci ilin aprelində Azərbaycan tərəfindən şərhlər alınıb və onların əsasında fəal kommunikasiyalar aparılır”, - hesabatda deyilir.