BAKI, 27 may. TELEQRAF
2024-cü il ərzində Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ümumilikdə 74 infrastruktur layihəsi başa çatdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Layihələrin tam maliyyələşdirilməsi üçün 551,9 milyon manat vəsait sərf olunub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 208,7 milyon manat təşkil etmişdi. Beləliklə, ötən illə müqayisədə xərclər 12,3% artaraq, dövlət əsaslı vəsait qoyuluşunun 20,1%-ni əhatə edib (2023-cü ildə bu göstərici 7,8% idi).
Başa çatdırılan layihələrdən 16-sı yeni layihə olub və bunlar üzrə 6 sifarişçi quruma ümumilikdə 168,2 milyon manat vəsait ayrılıb. Keçid layihələri üzrə isə 13 sifarişçi üzrə 58 layihəyə 383,6 milyon manat ödənilib.
Ən çox vəsait nəqliyyat infrastrukturuna yönəldilib. Ümumi vəsaitin 72,5%-i bu sahəyə xərclənib. Belə ki, 31 layihə üzrə 196,7 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, 1 layihə üzrə 103,4 milyon manat “Azərbaycan Dəmir Yolları” QSC-yə, 3 layihə üzrə isə 99,98 milyon manat “BakuBus” MMC-yə ayrılıb.
Layihələrin sahələr üzrə bölgüsünə nəzər saldıqda, onların 41,9%-ni avtomobil yolları, 18,9%-ni təhsil infrastrukturu, 9,5%-ni suvarma və irriqasiya işləri, 29,7%-ni isə digər sahələr təşkil edib.