BAKI, 24 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-nin neft-qaz şirkəti “Chevron”a Venesuelada ən zəruri əməliyyatları aparmaq üçün lisenziya verməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ Maliyyə Nazirliyi tərəfindən veriləcək icazə yalnız təhlükəsizliyin təmin olunması və kritik infrastrukturun istismarı ilə bağlı fəaliyyətlərə şamil ediləcək.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Təmmi Bryus bildirib ki, ABŞ administrasiyası “Chevron”a verilmiş və 27 mayda qüvvədən düşən, Venesuelada neft hasilatına imkan verən lisenziyanın müddətini uzatmağı planlaşdırmır.

Qeyd edək ki, Karakasa qarşı sanksiyaların qüvvədə olmasına baxmayaraq 2022-ci ilin noyabr ayının sonunda ABŞ hakimiyyəti “Chevron”a Venesuelada neft hasil etməyə və onu ABŞ-yə ixrac etməyə icazə vermişdi. Daha sonra həmin lisenziya ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən bir neçə dəfə uzadılmışdı.