BAKI, 13 may. TELEQRAF
Azərbaycan COP30-un ev sahibi Braziliya ilə birlikdə 1,3 trilyon dollarlıq iqlim maliyyələşməsi hədəfinə çatmaq üçün yol xəritəsi üzərində işləyir.
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Caspian Agro” sərgisi çərçivəsində keçirilən konfransda bildirib.
O qeyd edib ki, COP29-da müəyyən olunmuş bu hədəfə növbəti 10 ildə yalnız dövlət deyil, həm də özəl sektor, çoxtərəfli inkişaf bankları və digər mənbələrdən vəsait cəlb olunmaqla nail olunacaq.
Hazırda Bakıdan Belemə qədər uzanan bu yol xəritəsi üzərində iş gedir və sənəd COP30-da təqdim olunacaq. Məqsəd vəsaitin toplanması yollarını, sektorların məsuliyyətlərini və dövlətlərin qarşısına qoyulacaq uyğun hədəfləri müəyyənləşdirməkdir.