BAKI, 13 may. TELEQRAF

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 151 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunub, 142 ölkədən idxal olunub.

Bu barədə Teleqraf-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 11956,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 6293,3 milyon dollarını və ya 52,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 5663,0 milyon dollarını (47,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 630,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə 3,9 faiz artıb. İdxal real ifadədə 24,8 faiz artmış, ixrac isə 8,6 faiz azalıb.

2025-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı 771,9 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 14,7 faiz artıb, real ifadədə isə 8,5 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,0 faizi İtaliya, hər biri 11,9 faiz olmaqla Rusiya və Türkiyə, 8,5 faizi Çin, 4,4 faizi Almaniya, hər biri 2,7 faiz olmaqla Birləşmiş Krallıq və Çexiya, 2,4 faizi Avstraliya, hər biri 2,0 faiz olmaqla Rumıniya və Xorvatiya, 1,7 faizi Gürcüstan, hər biri 1,6 faiz olmaqla Portuqaliya və Meksika, 1,5 faizi Yunanıstan, 1,4 faizi İsveçrə, hər biri 1,3 faiz olmaqla Bolqarıstan və İran, hər biri 1,1 faiz olmaqla Kanada, ABŞ və İrlandiya, hər biri 1,0 faiz olmaqla Braziliya, Qazaxıstan və Ukrayna, 9,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 45,6 faizini İtaliyaya, 13,1 faizini Türkiyəyə, 4,8 faizini Çexiyaya, 4,5 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Xorvatiya və Rusiyaya, 3,6 faizini Rumıniyaya, 3,0 faizini Portuqaliyaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Yunanıstana, 2,4 faizini Bolqarıstana, hər biri 1,9 faiz olmaqla İsveçrə və İrlandiyaya, 1,2 faizini Birləşmiş Krallığa, 0,8 faizini Ukraynaya, 0,7 faizini Serbiyaya, 0,6 faizini Tunisə, 0,4 faizini Çinə, hər biri 0,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Belarusa, 1,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,2 faiz), Türkiyəyə (17,4 faiz), Gürcüstana (10,4 faiz), İsveçrəyə (9,0 faiz), Ukraynaya (6,6 faiz), Qazaxıstana (2,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,5 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (2,0 faiz), Türkmənistana (1,6 faiz), Almaniyaya (1,5 faiz), İsrailə (1,5 faiz), Çinə (1,3 faiz), İtaliyaya (1,3 faiz), Özbəkistana (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,1 faizi Rusiya, 17,8 faizi Çin, 10,5 faizi Türkiyə, 5,1 faizi Avstraliya, 4,4 faizi Birləşmiş Krallıq, 4,3 faizi Almaniya, 3,4 faizi Meksika, 2,7 faizi İran, 2,3 faizi Kanada, hər biri 2,1 faiz olmaqla Braziliya və ABŞ, 1,8 faizi İtaliya, 1,7 faizi Qazaxıstan, hər biri 1,5 faiz olmaqla Özbəkistan, Yaponiya və Belarus, 1,3 faizi Koreya, hər biri 1,1 faiz olmaqla Ukrayna və Türkmənistan, 1,0 faizi Hindistan, 11,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.