BAKI, 13 may. TELEQRAF
Bu ilin aprel ayında ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna yarmasının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, brokkolinin, şirin bibərin, süfrə çuğundurunun, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, xiyarın, sarımsağın qiymətlərində müşahidə olunib.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin aprel ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artıb. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma ayaqqabıların və zərgərlik məmulatlarının, ucuzlaşma isə mebelin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,7 faiz təşkil edib.
Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsi, stomatoloji və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.