BAKI, 13 may. TELEQRAF
Qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğun qurulması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Qanun qəbul olunmuş, bunun əsasında 15 qayda təsdiqlənmiş və 79 normativ akta dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro”nun açılış mərasimində çıxışı zamanı məlumat verib.
O qeyd edib ki, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə sanitar norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentliyin Kollegiyasının qərarı ilə 24 texniki normativ hüquqi akt qəbul olunub. Bununla yanaşı, “Bitki sağlamlığı haqqında” Qanun layihəsi hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim edilib və hazırda maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələr aparılır. Eyni zamanda, beynəlxalq ekspertlərin tövsiyələri əsasında “Heyvan sağlamlığı haqqında” Qanun layihəsi də hazırlanmışdır.
Qoşqar Təhməzli bildirib ki, idxal və ixrac proseslərində qida təhlükəsizliyinə nəzarətin operativ həyata keçirilməsi üçün Qazax rayonunda, Gürcüstanla sərhəd yaxınlığında yerləşən “Qırmızı Körpü” Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsi müasir avadanlıqlarla təchiz edilərək fəaliyyətə başlamışdır.
Son illər ərzində beynəlxalq təcrübəyə əsaslanaraq, insan və heyvan sağlamlığına təhlükə yaradan, həmçinin ətraf mühitdə bioloji təhlükəsizliyi poza biləcək xəstəliklərə qarşı effektiv tədbirlər görülmüşdür. Nəticə olaraq, Azərbaycan 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad ölkə kimi tanınıb. Bununla yanaşı, ölkənin atların afrika xəstəliyi və donuzların afrika taunu kimi xəstəliklərdən azad statusu da qorunub saxlanılmışdır.
Agentlik sədri qeyd edib ki, əldə edilən bu nailiyyətlər – bioloji təhlükəsizliyin təmin olunması, beynəlxalq statusların qazanılması və möhkəmləndirilməsi – ölkədə istehsal olunan qida məhsullarının ixrac potensialını əhəmiyyətli dərəcədə artırır. Artıq Azərbaycanın ərzaqlıq yumurtası Rusiya və ABŞ kimi ölkələrə ixrac olunur.
Eyni zamanda, akvakultura sahəsində yetişdirilən nərəkimilərdən əldə edilən kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı üçün icazənin davamlılığı təmin edilib.
Qoşqar Təhməzli əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə qida təhlükəsizliyi sahəsində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, həmin ərazilərdə heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində epizootoloji monitorinqlər və digər zəruri tədbirlər icra olunur.