BAKI, 11 aprel. TELEQRAF
Azərbaycan Dəmir Yolları QSC (ADY) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı çərçivəsində bu dəhlizin əsas elementlərindən biri olan Astara Terminalının tikintisi üzrə əsaslı işlər görüb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, hazırda terminalın layihələndirmə işlərinin 85%-i, tikinti-quraşdırma işlərinin isə 72,4%-i yekunlaşıb.
Belə ki, Astara stansiyasından İran İslam Respublikası ilə sərhədədək olan 8,3 km-lik dəmiryol xətti çəkilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Layihə çərçivəsində ümumilikdə 7 körpünün tikintisi nəzərdə tutulub. Bu körpülərdən birinin inşası artıq tamamlanıb, digər körpülərin tikintisi üzrə işlərin 90%-i başa çatıb.
2023-cü ildə Astara Terminalı vasitəsilə 692 min ton, 2024-cü ildə isə 777 min ton yüklə əməliyyat həyata keçirilib. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması gözlənilir.
Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yükdaşımalarının həcmini artırmaq və əməliyyatların daha sürətli və səmərəli şəkildə həyata keçirilməsini təmin edəcək.
Xatırladaq ki, Azərbaycan və İran hökumətləri arasında 2017-ci ildə əldə olunan razılaşmaya əsasən, Astara Terminalının inşasına başlanılıb. İranın Astara şəhərində yerləşən terminal, Azərbaycan–İran sərhədindən yalnız 1,4 km məsafədədir. Tikintisi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılan bu terminalın ərazisi İran hökuməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.





