BAKI, 11 mart. TELEQRAF

Artan avtomobil sayı, dayanma-durma qaydalarına əməl olunmaması və yol infrastrukturundakı çətinliklər illərdir paytaxt Bakının küçə və prospektlərində böyük tıxaclara səbəb olur. Təbiət hadisələri - yağış, qar yağanda, o cümlədən xüsusi günlər - bayramlar, beynəlxalq tədbirlər zamanı hərəkət daha da çətinləşir və sürücülərin saatlarla yollarda qalması ilə nəticələnir. Nəqliyyatın intensiv olduğu ərazilər - Ziya Bünyadov prospekti, “20 Yanvar” dairəsi, Bakı-Sumqayıt şosesi, Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi, Sabunçu-Zabrat şossesi, “Koroğlu” metro stansiyası ətrafı, Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti sözün həqiqi mənasında sürücülərin "kabusuna" çevrilir.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Teleqraf-a açıqlamasında bildirib ki, müşahidə kameralarının görüntüləri və aparılan təhlillər bayram günlərində və qeyri-pik saatlarda şəhərin mərkəzinə daha çox avtomobil axınının olduğunu deməyə əsas verir. Bundan əlavə, ictimai-iaşə obyektlərinin yaxınlığında dayanma-durma qaydalarına əməl olunmaması, texniki nasaz avtomobillərin yolda qalması tıxacların yaranmasına gətirib çıxarır.

Onu da qeyd edək ki, problemin həlli üçün Bakının 38 küçə və prospekt üzrə işıqforlara “yaşıl dalğa” əmri verilib. Maraqlıdır, son çarə kimi görülən bu “yaşıl dalğa” nədir?

Ömər Xıdırov deyib ki, “yaşıl dalğa” işıqforların yaşıl işığının müddətinin artırılaraq nəqliyyat axının sürətləndirilməsini nəzərdə tutur:

“Bir neçə küçə və prospektdə işıqforlara “yaşıl dalğa” əmri verilir, kamera görüntüləri əsasında problemli kəsişmələrə əlavə naryadların cəlb olunması məqsədilə yol polisi ilə birgə tədbirlər görülür. Hazırda paytaxtın bir neçə yolayrıcında olan işıqforlar birbaşa Mərkəz tərəfindən idarə olunur. Ehtiyac yarandığı təqdirdə bu işıqforlara “yaşıl dalğa” əmri verilir və qurğunun yaşıl işığının müddəti artırılır. Nəticədə nəqliyyat intensivliyi artmış olur”.

O da məlum olub ki, iş təkcə “yaşıl dalğa” əmrinin verilməsi ilə tamamlanmır. Paralel olaraq da sıxlığın daha çox müşahidə edildiyi yol kəsişmələrinə əlavə yol polisi qüvvələri cəlb olunaraq, tıxacların azaldılması üçün tədbirlər görülür. Yəni canlı qüvvənin iştirakı olmadan hələ də paytaxtda tıxacı aradan qaldırmaq mümkün deyil.

Mərkəz rəsmisinin sözlərinə görə, aparılan tədbirlər nəticəsində son bir ayda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət sürətində azalma müşahidə edilib. Məsələn, Səməd Vurğun küçəsində sürət 45 km/saatdan 37 km/saatadək, Rəşid Behbudov küçəsində isə 14 km/saatdan 12 km/saatadək enib. Eyni zamanda, Koroğlu Rəhimov küçəsində bu göstərici 11 km/saatdan 8 km/saatadək, Bülbül prospektində isə 18 km/saatdan 15 km/saatadək düşüb.

Bundan əlavə, 28 May küçəsində sürət 12 km/saatdan 11 km/saata, Zərifə Əliyeva küçəsində isə 23 km/saatdan 20 km/saata qədər azalıb. Ən kəskin azalma Ziya Bünyadov prospektində (49 km/saatdan 24 km/saatadək), Tbilisi prospektində (17 km/saatdan 11 km/saatadək) və Neftçilər prospektində (30 km/saatdan 16 km/saatadək) qeydə alınıb. Heydər Əliyev prospektinin köməkçi yolunda sürət 18 km/saatdan 11 km/saatadək, Qara Qarayev prospektində isə 43 km/saatdan 34 km/saatadək enib.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, “yaşıl dalğa” sistemi işıqforların yaşıl işığını ardıcıl şəkildə tənzimləyərək avtomobillərin dayanmadan hərəkətini təmin edir: “Yəni, müəyyən bir sürətlə hərəkət edən nəqliyyat vasitələri bütün işıqforlardan fasiləsiz keçə bilir. Bu, artıq bəzi küçələrdə - Abbasqulu Ağa Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində tətbiq edilib və nəqliyyat axınını sürətləndirib. Ancaq “yaşıl dalğa”nı şəhərin bütün yollarında tətbiq etmək mümkün deyil. Çünki bütün işıqforlar tam elektronlaşdırılmayıb və süni intellektlə idarə olunmur. Bunun üçün müasir nəzarət sistemlərinin tətbiqi və infrastrukturun yenilənməsi lazımdır”.

Ekspert söyləyib ki, Bakıdakı tıxac problemi getdikcə daha da mürəkkəbləşir. Onun sözlərinə görə, şəhərdə avtomobillərin sayı sürətlə artır, ictimai nəqliyyat sistemində hələ də problemlər qalır və yol infrastrukturunda aparılan dəyişikliklər bəzi hallarda gözlənilən nəticəni vermir: “Bu problemlərin həlli üçün dövlət proqramı təsdiqlənib və düzgün icra olunarsa, müsbət nəticələr əldə edilə bilər. Lakin bu, qısa müddətdə mümkün deyil”.

Elməddin Muradlı metro stansiyalarının sayının artırılmasının, avtobus parkının genişləndirilməsinin və ağıllı nəqliyyat sistemlərinin tətbiqinin vacib olduğunu söyləyib. Ekspertin fikrincə, ictimai nəqliyyatın daha praktik olması şəxsi avtomobillərdən istifadənin azalmasına və yollardakı yükün yüngülləşməsinə kömək edə bilər.

Bəs, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili, sərnişinlərin ehtiyaclarına daha uyğun xidmətin həyata keçirilməsinə məsul olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tıxac problemi ilə bağlı hansı addımları atır? Məsələ ilə bağlı quruma müraciət etdik. Lakin AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucov suallarımızı cavabsız qoydu.

Qeyd edək ki, nəqliyyat sıxlığının aradan qaldırılması üçün Bakının 2040-cı ilədək nəzərdə tutulan Baş Planı çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyi gözlənilir. Söhbət mövcud yolların genişləndirilməsi və yeni yolların inşasından gedir. Eyni zamanda, metro xəttlərinin və stansiyalarının sayının artırılması, tramvay və metrobus kimi yeni nəqliyyat vasitələrinin tətbiqi nəzərdə tutulur. Bundan əlavə, şəhərin mərkəzində yerləşən bəzi universitetlərin kənar ərazilərə köçürülməsi müzakirə mövzusudur.

Xatırladaq ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkili irəli sürülüb ki, bunun da nəqliyyatın sıxılığının optimallaşdırılmasına təsir edəcəyi proqnozlaşdırılır