Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda "Peşəkar birliklər haqqında" qanun qəbul edilməsini təklif edib.

“Azərbaycanda yaradılması nəzərdə tutulan Qiymətləndiricilər Palatası dövlət təşkilatı deyil, qiymətləndiricilərin özlərinin yaradacağı bir təşkilatdır. Amma bunların bir səlahiyyəti olmalıdır. Səlahiyyət olmasa, bu Palatanı yaratmağın bir mənası qalmır. Əksər ölkələrdə peşəkar birliklərin dövlətin verdiyi səlahiyyətləri var. Bu səlahiyyətlər ondan ibarətdir ki, peşə birliklərinin verdiyi qərar hər kəs üçün məcburidir.

Türkiyədə peşə birliklərinin həddən çox səlahiyyətləri var. Məsələn, aşpazların, bərbərlərin, taksi sürücülərinin peşə birlikləri var. Bu birliklərin verdiyi qərarlar hər kəs üçün məcburidir. Onlar qiyməti endirəcəklərsə, qiymətlər enəcək. Avstriyanın konstitusiyasında yazılıb ki, istənilən sahibkarlıq subyekti hansısa peşə birliyinə üzv olmalıdır. Normalda Qiymətləndiricilər Palatası qeyri-hökumət təşkilatıdır (QHT). Amma "QHT-lər haqqında" qanunda yazılıb ki, üzvlük məcburi ola bilməz. Yəni bir tərəfdən məsələni həll etməyə çalışırıq, digər tərəfdən burda hüquqi olaraq bir boşluq var", - deyə deputat vurğulayıb.

Ölkədə restoran qiymətlərinin necə formalaşmasından danışan deputat qeyd edib ki, dünyanın hər yerində assosiasiyalar var: “Bizdə yoxdur. Qiymətləri onlar tənzimləməlidir. Dövlət bütün qiymətləri tənzimləyə bilməz. Ona görə də müəyyən sahələrdə qiymətlərin tənzimlənməsi üçün palatalar yaradılmalıdır və onlara müəyyən səlahiyyətlər verilməlidir”.

Otellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi məsələni Teleqraf.com-a şərh edib.

O, deputatın dedikləri ilə qismən razılaşsa da, bəzi məsələlərdə fərqli mövqeyinin olduğunu bildirib: “Deputat sitat gətirib, amma məsələ tam aydın deyil ki, sözügedən Qiymətləndiriclər Palatası ilə peşəkar birlikləri haqqında qanunun əlaqəsi nədir... Palatalar yaradılacaqsa, yəqin ki, onun üzvləri ictimai birliklərin təmsilçilərindən ibarət olacaq. Belə təcrübə var və bu modeli Azərbaycanda da tətbiq etmək olar.

Deputatın xarici ölkələrdəki peşə birliklərini nümunə göstərərək bizdə yoxdur deməsi ilə də razı deyiləm. Ölkəmizdə peşə birliklərinin tarixi uzundur və zəngindir. Bu peşə birlikləri və QHT-lərin hamısı bir statusdadır. Ola bilər ki, deputatın bundan qismən məlumatı var, amma Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş minlərlə ictimai və peşə birlikləri var, bu və ya digər iqtisadi sahədə çalışan insanların, şirkətlərin maraqlarını təmin edir. Nümunə çəkmək lazım gələrsə, sədri olduğum assosiasiyanı göstərə bilərəm.

2009-cu ildə fəaliyyətə başlayanda əsas məqsədimiz otel və restoran biznesin, ümumilikdə qonaqpərvərlik sənayesinin inkişafına töhfə vermək, həmçinin dövlət və özəl sektor arasında körpü yaratmaqdı. Təbii ki, bu illər ərzində kifayət qədər nailiyyətlərimiz olub, bunları sadalamaq fikrim yoxdur. Təkcə onu deyim ki, illər ərzində böyük bir təcrübə toplamışıq, ətrafımızda iri şirkətlər və peşəyə bələd insanlar cəmləşib.

Yəni peşə birliklərinin sayı kifayət qədərdir. Sadəcə o səlahiyyətləri özümüz özümüzə verə bilmərik. Bu səlahiyyət birliklərə ya sənaye tərəfindən verilməlidir, ya da etibar və münasibətlər elə olmalıdır ki, verdiyimiz tövsiyələr, məsləhətlər və çıxardığımız qərarlar eşidilsin. Əslində, bu, baş verir. Məsələn, sənayedə çalışan bir çox müəssisə bizim təşkilatla dost, həmkar münasibətdədir. Biz yaxşılığa doğru nəsə deyəndə təbii ki, sözümüzə dəstək verən bir çox şirkət ortaya çıxır. Bu səlahiyyətlər dövlət tərəfindən də verilə bilər.

Peşə birlikləri haqqında qanunun qəbulunun tərəfdarıyam. Bizim kimi peşə birlikləri illərdir ki, QHT-lərlə, siyasi partiyalarla, insan hüquqları ilə məşğul olan təşkilatlarla eyni statusdadır. Halbuki biz siyasi qurumlar deyil, ictimai fikirləri məhdud iqtisadi fəaliyyət göstərən bir təşkilatıq. Məncə, bizim statuslarımız QHT-lərdən fərqli olsa, ziyanı olmaz, əksinə, inkişafa doğru addım ata bilərik”.

Samir Dübəndi qiymətlərin tənzimlənməsi məsələsinə də toxunub: “Deputat qeyd edir ki, qiymətlərin tənzimlənməsi ilə dövlət məşğul olmamalıdır. Başqa sözlə, özəl biznesin qiymətlərinə müdaxilə edilməməlidir. Bu o demək deyil ki, sənayeni başlı-başına buraxırıq, nəzarət mexanizmləri və qiymətlərin formalaşması üçün mövcud olan müxtəlif alətlərdən istifadə etmirik. Bu alətlərin böyük əksəriyyəti dövlət səlahiyyətindədir. Əgər bu səlahiyyət peşə birliklərinə keçərsə, bu zaman birliyə əlavə dəyər verib statusunu bir qədər də möhkəmləndirə bilərik.

Assosiasiya olaraq fəaliyyət göstərdiyimiz illər ərzində dövlət qurumlarının təşəbbüs ilə hansısa peşə birliklərinin yaradıldığını, sonradan bu təşkilatları öz departamentlərinə çevirdiklərini müşahidə etmişik. Büdcədən pul ayıraraq həmin təşkilatların fəaliyyətinə dəstək verirlər. Çalışırlar ki, bu birliklər möhkəmlənsin və ətrafında daha çox müəssisə toplansın. Amma bu, hər zaman müsbət nəticə vermir.

Qayda belədir ki, bir neçə peşəkar birləşib sıfırdan yeni qurum yaradır. Sonra onun qeydiyyata alınması, tərəfdaş tapması, layihələrə qoşulması, qrantlar alması üçün bir neçə il vaxt tələb olunur. Yalnız dövlət təşəbbüsü ilə yaranan bu ictimai birliklərin ilk gündən həm ofisləri, həm də büdcələri olur və onlar maaş verə bilirlər. Onlar üçün sadaladığım proses daha qısa zamanda yekunlaşır. Açılan müxtəlif kanallardan maliyyə dəstəyi və qazanclar əldə edirlər.

Təcrübə göstərir ki, həmin təşkilatlar bir müddət sonra tənbəlləşir, yaradıcısı olan dövlət qurumları, nazirliklər və ya agentliklər onları büdcədə saxlayır. Digər tərəfdən bu təşkilatların müstəqil fikirləri olmur, ona görə ki, tabedirlər. Bu isə ictimai və peşə birliklərinin konseptinə uyğun məsələ deyil.

Qiymətlərin bir qaydada tənzimlənməsinin müxtəlif iqtisadi alətləri dövlətin əlindədir. Peşə birliklərinin qərarlarının icbari olması fikri ilə razı deyiləm. Ümumiyyətlə, icbarilik ictimai birliklərin işi ilə uzlaşmır. Bunlar tamamilə fərqli anlayışlardır”.