Avropada təbii qazın hər 1000 kubmetrinin qiyməti 1970 dolları keçib. Məlumata görə, qitənin ən likvid habı hesab olunan Niderlandın TTF indeksi üzrə noyabrda çatdırmaq şərti ilə təbii qaz fyuçerslərinin qiyməti bu gün ticarət sessiyasının gedişatında 1970,3 dollara çatıb.

Enerji sektoru üzrə mütəxəssis Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, hazırda qlobal təbii qaz bazarlarında iki qiymət mövcuddur:

“Fiziki bazarları əhatə edən uzunmüddətli müqavilələrdə satış qiymətləri hazırkı fyuçers qiymətlərindən bir neçə dəfə aşağıdır. Hazırda uzunmüddətli qaz tədarükü ilə bağlı müqavilələrdə 1000 kubmetr qazın satış qiyməti son çatdırılma məntəqəsi nəzərə alınmaq şərtilə 270 dollar civarındadır. Yüksəlmələr əsasən fyuçers bazarlarında müşahidə olunur və bu, spot qiymətdir.

Bir çox hallarda fyuçers bazarlarında baş verən sürətli qiymət artımı öz təsirini fiziki bazarlara da göstərir.

Avropadakı qeyri-müəyyən vəziyyətin səbəbi qaz təchizatında yaranmış 20 faizə yaxın çatışmazlıqdır. Dünyada yeraltı qaz anbarlarının ümumi tutumu 440 milyard kubmetrdir. Avropadakı yeraltı qaz anbarlarının ümumi tutumu isə 105 milyard kubmetrdir. Əvvəlki illərlə müqayisədə Avropada qaz hasilatı əhəmiyyətli dərəcədə aşağı düşüb. Keçən il Avropa İttifaqına üzv dövlətlərin ümumi qaz hasilatı 57 milyard kubmetr civarında olub. Bunun birinci səbəbi sərt iqlim şəraiti ilə bağlıdır. Çünki enerji keçidi ilə bağlı ortaya ciddi mövqe qoyan dünya dövlətləri arasında Avropa İttifaqına üzv dövlətlər öndə idi.

Bir sıra kənar məhdudiyyətlər Avropa bazarlarında təbii qazın qiymətini görünməmiş həddə bahalaşdırdı. Bu tendensiya qarşıdakı aylarda da davam edəcək. Çünki hazırda Avropa bazarlarında sıxılmış təbii qaz tədarükü olduqca məhduddur.

Sıxılmış təbii qaz həcmləri əsasən Asiya bazarlarına yönəlib. Çünki Asiya qaz bazarlarında mövcud qaz nəql sistemlərinin konfiqurasiyası əsasən sıxılmış təbii qazın qəbuluna hesablanıb. Avropada isə qaz nəql sistemlərinin konfiqurasiyası boru kəmər təbii qazının qəbuluna hesablanıb”.

Analitikin müşahidələrinə görə, Avropanın fuyçers bazarlarında qiymətlərin sürətlə artması iyul ayının əvvəlindən müşahidə olunur: “Sentyabrın ortalarına qədər Avropanın qaz təchizatında çox ciddi problemlər yarandı. Başqa sözlə, kəmər məhdudiyyətləri müşayiət olundu. Yəni “Şimal axını-1” magistral qaz kəmərinin texniki baxışa dayandırıldı, avqustun əvvəlindən başlayaraq “Qazprom ekspro”nun qaz tədarükü ilə bağlı elektron ticarət platformasında fəaliyyəti 2023-cü ilin əvvəlinə qədər dayandırıldı və sair.

Halbuki ötən illərdə “Qazprom”a məxsus elektron qaz platformasında 10-20 milyard kubmetr arasında qaz həcmləri satılmışdı”.

Zəfər Vəliyev deyir ki, hazırda qlobal qaz bazarları ikinci problemlə üzləşib: “İlk dəfə 1978-ci ildən başlayaraq dünya birjalarında neft fuyçers müqavilələrinin və opsionlarının satışına başlanılıb. Hazırda qaz bazarları üçün yeni dövr başlayıb. Təbii qaz da eynən neft kimi bazarların oyun alətinə çevrilib.

Deməli, Avropa birjalarında təbii qazın qiymətlərinin qalxması bir az da spekulyativ amillərə əsaslanır. Bazarın sabitləşməsi üçün ilk növbədə təchizatçı şirkətlər, digər tərəfdən, Aİ-yə üzv dövlətlər özlərinin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı önəmli addımlar atmalıdır. Belə olan halda bazarda müəyyən sabitliyi əldə etmək olar. Amma yaxın perspektivdə təbii qazın qiymətlərində enmələrin müşahidə edilməsi çətin görünür”.

Təbii qaz bazarındakı proseslər Azərbaycan üçün nə vəd edir?

Təhlilçinin sözlərinə görə, Azərbaycan təbii qaz ixrac etdiyi dövlətlərin əksəriyyəti ilə uzunmüddətli müqavilələr bağlayıb: “Bu müqavilələr bağlananda aparıcı enerji daşıyıcıları bir qiymət hədəfi götürür. Məsələn, “Qazprom” uzunmüddətli qaz tədarükü ilə bağlı müqavilələrdə qiymətin təyin edilməsində aparıcı enerji daşıyıcılarının qiymət hədəfinə istinad edir. Burada da 90 faizdən yuxarı yay və qış yanacaq mazutunun beynəlxalq satış qiyməti əsas götürülür.

Həmçinin regionun elektrik enerjisinin qiymətləri, o cümlədən qaz ixrac edəcək dövlətin yerləşdiyi regionun iqtisadi göstəriciləri, eləcə də dizel yanacağının qiyməti nəzərə alınır.

Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə həm Türkiyə, həm Gürcüstan, həm Yunanıstan, həm Macarıstan, həm də İtaliya ilə bağladığı müqavilələr uzunmüddətlidir. Bu müqavilələrdə qiymət meyarı sadaladığım faktorlara söykənir. Bu müqavilələr bağlananda şərtlər qoyulur. Əgər dünyada qiymətlə bağlı bazar tələbləri dəyişərsə, müqavilənin şərtlərinə 3, 6 ay və ya 1 ildən sonra yenidən baxmaq olar.

Ötən ay Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov müsahibəsində bildirmişdi ki, Azərbaycan sentyabr ayından başlayaraq İtaliyanın spot bazarlarında iştirak edəcək. Məlumdur ki, “Şahdəniz-2” qaz-kondensat yatağından hasil edilən 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetri müqavilə əsasında Türkiyənin daxili tələbatına yönəldilib. Yerdə qalan 10 milyard kubmetr təbii qazın 8 milyard kubmetr İtaliyaya, Yunanıstana və Bolqarıstana ayrılıqda 1 milyard kubmetr “mavi yanacaq” ixrac olunur. Vitali Bəylərbəyovun sözündən belə nəticəyə gəlmək olar ki, biz İtaliyaya həm uzunmüddətli saziş əsasında təbii qaz ixrac edirik, həm də qısamüddətli.

İtaliyanın illik qaza olan tələbatı 70 milyard kubmetrdən yuxarıdır. Böyüyən bir bazardır, özünün daxili hasilatı da ildən-ilə azalır. Əvvəl 8 milyard kubmetr idi, indi 4-4,5 milyard kubmetrə düşüb. Böyük ehtimalla Azərbaycan əldə olan əlavə qaz həcmlərini İtaliyaya fərqli qiymətlərə satır. SOCAR rəsmisi də qiymət formalaşması və qiymətin hansı meyarlara söykənməsi barədə məlumat verməkdən imtina edib.

Ola bilər ki, Azərbaycan təbii qaz tranzit xərclərini çıxmaq şərtilə İCİS PCV platformasında mövcud spot qiymətləri əsas götürərək bir neçə faiz endirimlə, yaxud qısamüddətli müqavilələrə İtaliyaya qaz satır. Bu da hazırkı bazar şərtlərində əlavə gəlirlər deməkdir. Çünki təkcə təbii qazın deyil, həm LPG-nin, həm LNG-nin, o cümlədən bütün azot tərkibli gübrələrin də qiyməti qalxır. Çünki bu mineral gübrələrin alınmasında xammal kimi boru kəmər qazından istifadə olunur. Bütün qiymətlər qalxıbsa, böyük ehtimalla Azərbaycanın İtaliyaya satdığı qaz həcmlərinin qiymətləri bir neçə dəfə yüksəkdir”.

Ekspert bildirib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir: “Bu, çox böyük rəqəmdir. Həm region dövlətlərin, həm də Azərbaycanın tərəfdaşlarının uzun müddət enerji təhlükəsizliyini təmin edilməsi ilə bağlı kifayət qədər cəlbedici həcmlərdir. Qarşıdakı illərdə Azərbaycanın əsas ixrac kəməri Avropaya yönəldiyinə görə, Avropada mövcud hidroelektrik stansiyalarının faydalılıq iş əmsalı əvvəlki illərlə müqayisədə aşağı olacaq. Çünki buraxılış həm anbarlarda, həm də çaylarda suyun səviyyəsini aşağı salır. Bu nöqteyi-nəzərdən qarşıdakı illərdə Avropa bazarlarında təbii qaza ehtiyac çoxalacaq”.