BAKI, 6 oktyabr. TELEQRAF
"Biz yarışdan qabaq komandamızla çox böyük işlər görmüşdük vә kifayət qədər yaxşı hazırlaşmışdıq. Federasiyamız həm xaricdə, həm də ölkəmizdə təlim-məşq toplanışları təşkil etdi. Rəhbərlik, məşqçilər, həkim heyəti və komanda yoldaşlarım öz işini vicdanla gördü. Bunun bəhrəsidir ki, 60 kq-da qızıl, 73 kq-da isə bürünc medal qazandıq. Növbəti günlərdə də komandamıza uğurlar arzu edirəm, özümüz də tribunadan hər kəsə dəstək olacağıq".
Teleqraf xəbər verir ki, bu sözləri Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc medal qazanan Azərbaycan təmsilçisi Rəşid Məmmədəliyev jurnalistlərə açıqlamasında deyib.
Görüşlərin əlavə vaxta ("qolden skor") qalmasına toxunan idmançı bunun onun üçün üstünlük təşkil etdiyini bildirib:
"İlk medalım 2019-cu il Avropa çempionatında olub, ondan sonra inamım daha da artdı. Niyə görə bilmirəm, amma mənim üstün cəhətim 'qolden skor'dur. Çünki uşaqlıqdan bəri demək olar ki, yorulmuram".
O, gələcək hədəflərindən və Olimpiya Oyunlarına hazırlıq planlarından da söz açıb:
"Sırada Olimpiada var və çalışacam ki, daha yaxşı hazırlaşım. İlk növbədə bürünc medalı qızıl ilə əvəzləmək, Olimpiya oyunlarında çempion olmaq istəyirəm".
R.Məmmədəliyev qələbəsini xüsusi olaraq kiməsə həsr etmədiyini, ona dəstək olan hər kəsə minnətdar olduğunu vurğulayıb:
"Bir-iki nəfərin adını çəkmək yanlış olardı. Bütün tribuna, doğmalarım, məni tanıyan hər kəs mənə dəstək olur. Yıxılanda da, uduzanda da daim yanımda olublar. Bu gün əziyyətimin bəhrəsini gördüm və hər kəsə dərin təşəkkürümü bildirirəm".