BAKI, 23 sentyabr. TELEQRAF
“Bakıya gəlmək həmişə çox gözəldir. Ümid edirəm ki, bu dəfə yarış bizim üçün daha yaxşı keçər”.
Teleqraf xəbər verir ki, bu sözləri “McLaren” komandasının pilotu Oskar Piastri Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
O, Qran-Prinin keçiriləcəyi trası da dəyərləndirib: “Bu, inam tələb edən, çətin trasdır. Şəhər trası üçün burada fərqli xüsusiyyətlər var. Çoxlu döngələr mövcuddur. Düşünürəm ki, hamı bu trasda yarışmağı səbirsizliklə gözləyirdi. Ümumiyyətlə, hər bir sürücü bu trasa həyəcanla yanaşır. Burada yarışmaq həqiqətən maraqlıdır. Əsas məsələ bu idi. Bununla belə, yaxşı irəliləyiş əldə edirik. Bəzi yenilikləri sınaqdan keçiririk. Onların bəziləri işə yarayır, bəziləri isə yox. Hər halda, olduğumuz yerdə dayanmaq fikrimiz yoxdur”.
“Mercedes” komandasının pilotu Corc Rassel isə qeyd edib ki, Bakı trası onların maşınına Madrid trasından bir qədər daha çox uyğun gəlir.
“Ona görə də burada daha yaxşı nəticə gözləyirəm. Madriddə çox yaxşı yarış tempimiz və güclü performansımız var idi. Təəssüf ki, texniki problem yaşadıq. Bu, məyusedici oldu, çünki podiuma yüksələ bilərdik. Bu il bolidin və təkərlərin fərqli olması ilə bağlı müəyyən çətinliklər yaşadıq. Komanda olaraq nələrin işlədiyini müəyyənləşdirmək bizim üçün vacib idi. Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik və burada qələbə uğrunda mübarizə apara biləcəyimizə inanıram. Bu, zövq aldığım və kifayət qədər çətin trasdır. Yüksəksürətli döngələr maşınımıza çox uyğundur. Hava şəraitinin də müəyyən təsiri olacaq. Amma buranı sevirəm və ümumilikdə yaxşı trasdır”.
“Kadillak” komandasının pilotu Serxio Peres Bakıdakı yarışda daha yaxşı nəticə göstərmək üçün komandanın Monza Qran-Prisində əldə etdiyi irəliləyişin vacib olduğunu bildirib: “Düşünürəm ki, Monzadakı yarış bizim üçün çox yaxşı keçmədi. Amma ümumilikdə həmin həftəsonu komanda üçün irəliləyiş oldu. Maşını trasda yaxşı idarə etmək vacib idi. Monza trasında çoxlu düzlüklər var. Ona görə də orada böyük nəticə gözləmirdim. Buna baxmayaraq, həmin yarış maşının balansını yaxşılaşdırmaq üçün bizə kömək etdi. Monza mərhələsi Bakıda nəticəmizi daha da yaxşılaşdırmaq baxımından bizim üçün bir addım oldu. Düşünürəm ki, maraqlı həftəsonu olacaq. Fikrimcə, Bakıdakı yarış olduqca maraqlı keçəcək”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.