BAKI, 17 avqust. TELEQRAF
"Sabah" və İsrailin "Hapoel Beer-Şeva" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa təyinat alan italiyalı hakim Davide Massa əvvəllər də Azərbaycan klublarının matçlarını idarə edib.
Teleqraf xəbər verir ki, 45 yaşlı FIFA referisi kariyerası ərzində 4 dəfə təmsilçilərimizin avrokubok görüşlərində əsas söz sahibi olub.
Massa ilk olaraq 2014/2015-ci illər mövsümündə UEFA Avropa Liqasının II təsnifat mərhələsində "İnter" (Bakı) klubunun İsveçdə "Elfsborq"a 1:0 hesabı ilə qalib gəldiyi matçda ədaləti qoruyub.
İtaliyalı referi 2018/2019-cu illər mövsümündə Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" — "Arsenal" (0:3), 2019/2020-ci illər mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəldiyi matçda və 2025/2026-cı illər mövsümündə Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl Yunayted" — "Qarabağ" (3:2) oyunlarında baş hakim olub.
İtaliyalı referi cari mövsümdə (2026/2027) UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Kauno Jalqiris" (Litva) – "Dinamo Zaqreb" (Xorvatiya) görüşünü idarə edib. Avqustun 11-də baş tutan həmin matçda Massa 3 sarı, 1 qırmızı vərəqə göstərib.
Qeyd edək ki, "Sabah"la "Hapoel Beer-Şeva" arasında ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Cavab qarşılaşması isə avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.