MİNGƏÇEVİR, 8 avqust. TELEQRAF
“Bu yarış artıq beşinci dəfədir Mingəçevirdə keçirilir. Beş il davam etməsi onun ənənəyə çevrildiyini göstərir və bu, çox müsbət haldır”.
Teleqraf xəbər verir ki, bunu “Kürü keçək?! 5” açıq suda üzmə yarışında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir yarışa marağın ildən-ilə artdığını bildirib:
“Digər sevindirici məqam iştirakçıların sayının ildən-ilə artmasıdır. Ötən il də bunu qeyd etmişdik. Bu dəfə rəqəmlərə nəzər saldım və təxminən 30 faizə yaxın artımın olduğunu gördüm. Bu, kifayət qədər böyük göstəricidir. Təbii ki, bu artım həm Üzgüçülük Federasiyasının, həm də il ərzində bizim tərəfimizdən kütləvi idmanın inkişafı və təbliği istiqamətində görülən işlərin nəticəsidir”.
Fərid Qayıbov yarışa müxtəlif şəhər və rayonlardan insanların qatılmasını müsbət qiymətləndirib:
“Bizi ən çox sevindirən məqamlardan biri də bu qədər insanın buraya toplaşmasıdır. İştirakçılar müxtəlif şəhər və rayonlardan gəliblər. Təbii ki, Bakıdan gələnlərin sayı daha çoxdur. Yarışın artıq bir ənənəyə çevrilməsi və ildən-ilə daha çox insanı cəlb etməsi bizi çox sevindirir”.
Nazir qadın iştirakçıların sayında da artım olduğunu vurğulayıb:
“Burada müxtəlif yaş qruplarından insanların yarışdığını görürük. Həm uşaqlar, həm böyüklər, həm də 70 yaşdan yuxarı şəxslər iştirak ediblər. Bu gün Mingəçevirdə əsl idman bayramı yaşandı”.
Fərid Qayıbov belə yarışların digər şəhər və rayonlarda da keçirilməsinin nəzərdə tutulduğunu bildirib:
“Çalışırıq ki, bu cür yarışları digər rayon və şəhərlərdə də təşkil edək. Dünən Gəncədə artıq ənənəyə çevrilən üzgüçülük yarışlarından biri təşkil olundu. Həm Gəncədə, həm də bu gün Mingəçevirdə çoxsaylı könüllülərin iştirak etdiyini görürük. Onlara da təşəkkür edirəm. Bu cür yarışlarda iştirak etmək könüllülər üçün də yaxşı təcrübə və yeni bacarıqlar qazanmaq baxımından mühüm fürsətdir”.