MİNGƏÇEVİR, 8 avqust. TELEQRAF
“Yarış çox gözəl təşkil olunub. Artıq beşinci dəfədir keçirilir, mən də beşinci dəfədir burada iştirak edirəm”.
Teleqraf xəbər verir ki, bunu “Kürü keçək?! 5” açıq suda üzmə yarışında iştirak edən üzgüçülük üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Nəsibov deyib.
O, yarışa hər il qatıldığını və öz yaş kateqoriyasında rəqiblərinin az olduğunu bildirib:
“Hər dəfə elə alınır ki, öz yaş qrupumda ən yaşlı iştirakçılardan biri oluram. Bu yaş kateqoriyasında iştirakçı sayı az olduğuna görə hər dəfə birinci yeri tuturam. Amma arzum budur ki, rəqiblərim də olsun. Vaxtım imkan versəydi, digər məsafədə də iştirak edərdim”.
Vaqif Nəsibov yarışın üzgüçülüyün təbliği baxımından əhəmiyyətini də vurğulayıb:
“Bu, çox gözəl və kütləvi yarışdır. Bir tərəfdən üzgüçülük idman növünün təbliğinə xidmət edir. Üzgüçülük insanın stressini və gərginliyini aradan qaldıran çox faydalı idman növüdür. Bu yarışı təşkil edib həyata keçirdiklərinə görə Üzgüçülük Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm”.
Mütəxəssis ildən-ilə yarışa marağın artdığını da qeyd edib:
“İlk dəfə bu yarış keçiriləndə təxminən 100-200 iştirakçı var idi. İndi isə onların sayı 600 nəfəri keçib. Buna uyğun olaraq məsafələr də artırılıb. Əvvəl yalnız 350 metr məsafə var idisə, indi 1000 metr məsafə də əlavə olunub. Bəlkə gələcək illərdə 5 və ya 10 kilometrlik marafon məsafələri də təşkil olunar. Çünki açıq suda üzgüçülük yarışlarında belə məsafələr də mövcuddur”.
Vaqif Nəsibov sonda yarışın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib:
“Yarış çox yaxşı təşkil olunub. Hər şey dəqiq və operativ şəkildə həyata keçirilir, iştirakçılara lazımi məlumatlar vaxtında çatdırılır”.
Qeyd edək ki, Vaqif Nəsibov Mingəçevirdə keçirilən "Kürü keçək?! 5" yarışında 350 metr məsafədə 71+ yaş qrupunda birinci olub.