BAKI, 3 avqust. TELEQRAF

44 gündür itkin düşən keçmiş braziliyalı marafonçu, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Daniel Nasimento sağ tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Bildirilib ki, avqustun 1-də San-Paulunun şərq hissəsində yoldan keçən şəxs keçmiş idmançını tanıyaraq polisə məlumat verib. Şəxsiyyətini təsdiqləyən Nasimento polis bölməsinə aparılıb. Qısa müddət sonra onun yaxınları da bölməyə gəlib.

Qeyd edək ki, 28 yaşlı keçmiş olimpiyaçı iyunun 19-dan itkin düşmüşdü. O, sonuncu dəfə ailəsi ilə birlikdə yaşadığı Paraquasu Paulista bələdiyyəsində görülmüşdü.

İdmançının anasının sözlərinə görə, Daniel Nasimento peşəkar karyerasını başa vurduqdan sonra ruhi sağlamlıq problemləri ilə mübarizə aparıb.

Xatırladaq ki, Nasimento 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında Braziliyanı təmsil edib və Cənubi Amerika marafon rekordunun sahibidir. O, 2024-cü ildə antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilmişdi.