BAKI, 25 iyul. TELEQRAF

Azərbaycanlı təqaüdə çıxmış bədii gimnast Əliya Qarayeva avqustun ortalarında Almaniyada keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə TASS əldə etdiyi məlumatlara istinadən yazıb.

Məlumata görə, Aliyə Qarayeva turnirin səfiri qismində dünya çempionatının tanıdılması ilə bağlı tədbirlərdə iştirak edəcək, müsahibələr verəcək və avtoqraf sessiyaları keçirəcək.

Qeyd edək ki, 38 yaşlı Əliya Qarayeva 2000-ci illərin ortalarında Rusiyadan Azərbaycana köçdükdən sonra qısa müddətdə Azərbaycan millisinin heyətində çıxış etməyə başlayıb. O, 2007-ci il Avropa çempionatında kəndirlə hərəkətlər proqramında qızıl medal qazanıb, həmçinin dünya və Avropa çempionatlarının dəfələrlə gümüş və bürünc mükafatçısı olub.

İdman karyerasını başa vurduqdan sonra Qarayeva ailəsi ilə birlikdə Almaniyanın Frankfurt am Main şəhərinə daimi yaşayış üçün köçüb. Avqustun 12-16-da bədii gimnastika üzrə dünya çempionatı da məhz bu şəhərdə keçiriləcək.