BAKI, 25 iyul. TELEQRAF
“Azərbaycanlı olaraq turnirdə öz idmançılarımızdan qızıl medal gözləyirəm”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Cüdo Birliyinin idman komissarı, Olimpiya mükafatçısı Rüstəm Orucov Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turniri barədə danışarkən deyib.
O, 10 ölkədən, 88-ə yaxın klubdan təxminən 300 idmançının mübarizə apardığı yarışın təşkilatçılığını yüksək qiymətləndirib:
“Bildiyiniz kimi, biz burada Avropa Cüdo Birliyinin nümayəndələri kimi iştirak edirik. Görürük ki, təşkilatçılıq yüksək səviyyədədir. Mən bir çox yarışlarda iştirak etmişəm. Lakin belə yüksək səviyyəli təşkilatçılıq hər yerdə olmur. Bu turnirin keçirilməsi gənc idmançıların təcrübə toplaması, onların gələcək yarışlara daha yaxşı hazırlaşması məqsədi daşıyır”.
Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri iyulun 25-26-da Bakıda keçirilir. Yarışda 10 ölkədən 80-dən çox klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.