BAKI, 26 fevral. TELEQRAF

Fransa Milli Paralimpiya Komitəsi (CPSF) İtaliyanın Milan və Kortina-d'Ampetsso şəhərlərində keçiriləcək 2026-cı il Qış Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edəcəyini təsdiqləyib.

Teleqraf AFP agentliyinə istinadən xəbər verir ki, bəzi ölkələrin boykot qərarına baxmayaraq, fransalı idmançılar və rəsmi nümayəndələr tədbirə qatılacaqlar.

CPSF prezidenti Mari-Ameli Le Fur bu qərarın çətin, lakin zəruri olduğunu bildirib. O qeyd edib ki, Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Rusiya və Belarus idmançılarına öz bayraqları altında çıxış etmək icazəsi verməsi ilə razı olmasalar da, demokratik şəkildə qəbul edilmiş bu qərara hörmətlə yanaşırlar: "CPSF-in mövqeyi qətidir - biz açılış mərasimini boykot etməyəcəyik".

Qeyd edək ki, Ukrayna, Çexiya, Polşa, Latviya, Estoniya, Finlandiya və Niderland rusiyalı və belaruslu atletlərin milli rəmzlərlə yarışlara buraxılmasına etiraz olaraq martın 6-da Veronadakı "Arena di Verona" stadionunda keçiriləcək açılış mərasimini boykot edəcəklərini açıqlayıb. Qış Paralimpiya Oyunları martın 6-dan 15-dək davam edəcək.