GƏNCƏ, 29 sentyabr. TELEQRAF

"III MDB Oyunlarının açılış mərasimi ilə bağlı təkcə öz fikrimi deyil, həmin anlarda stadionda olan hər kəsin fikrini bölüşmək istəyirəm".

Teleqraf xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov Gəncədə keçirilən “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının rəsmi açılış mərasimindən həzz aldığını söyləyib: "Dünən oyunlarının təntənəli açılışından həzz almaq imkanımız oldu. Bu, ilk növbədə, inanılmaz dərəcədə möhtəşəm bir hadisə idi. Qısa müddət ərzində ölkənin inkişafının əsas tarixi məqamlarını əhatə etmək, onları tamaşaçılara çox yüksək səviyyədə, rəngarəng və milli ruhda təqdim etmək təqdiredici idi".

Seytimov Oyunların Azərbaycanın 7 şəhərində təşkil olunduğunu qeyd edib: "Bu Oyunların əsas önəmindən biri də odur ki, bir məkanda deyil, 7 şəhərdə keçirilir. 1600-dən çox idmançı 23 idman növü üzrə ədalətli mübarizə aparmaq, güclüləri müəyyənləşdirmək üçün buraya üz tutub. İdman qurğuları çox müasir və funksionaldır. Düşünürəm ki, yeni tikilən və bərpa olunan idman obyektləri hələ uzun müddət Azərbaycanın idman ictimaiyyətinə xidmət edə biləcək. Bu, Azərbaycanın təşkil etdiyi MDB idman hərəkatına mühüm töhfədir”.

MDB-nin Baş katibinin müavini onu da vurğulayıb ki, bu tədbir Birliyə üzv olan və digər ölkələrin idmançılarına, gənclərinə bir-birini daha yaxından tanımaq, əlaqələr qurmaq, Azərbaycanın özünəməxsus mədəniyyəti ilə tanış olmaq imkanı verir. “Xalq diplomatiyası məhz budur. Bu, vətənpərvər münasibətdir. Bunun dəyəri isə böyükdür”, - deyə Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov sözlərinə əlavə edib.