BAKI, 23 aprel. TELEQRAF

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransı təşkil olunub.

Teleqraf xəbər verir ki, tədbirə Oyunların İnsan Resusrları və İşçi Qüvvəsi Şöbəsinin Rəhbəri İranə Əhmədova, Təhlükəsizlik və Əməliyyatlar üzrə rəhbər Aygül Ağayeva və Milli Mətbuat Katibi Arzu Hüseynova qatılıb.

Onlar tədbirə hazırlıq mərhələsi haqqında media nümayəndələrinə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Təşkilat Komitəsinin üzv qurumları, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə inzibati məsələlər, tədbir məkanların hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işləri davam etdirilir.

Əhmədova bildirib ki, layihə çərçivəsində 3000 könüllünün iştirakı nəzərdə tutulub. O, tədbirin keçiriləcəyi bölgələrdə təhsil alan və yaşayan gənclərlə işləyəcəklərini əlavə edib: "Hazırlıq prosesi davam edir. Oyunların keçiriləcəyi şəhərlərin 6 məktəbində gənclərlə görüş keçirilib. Könüllərin seçilmə mərhələsi üçün qeydiyyata başlamışıq və 3000 nəfər artıq qeydiyyatdan keçib. Düşünürük ki, rəqəm artacaq. Təkcə açılış və bağlanış mərasiminə görə yalnız Gəncədən 1000-dən çox könüllünün cəlb edilməsi nəzərdə tutulur.

III MDB Oyunları 28 sentyabr - 8 oktyabrda Azərbaycanın 7 bölgəsində - Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq. Bu məqsədlə Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli Sərəncamına əsasən Təşkilat Komitəsi yaradılıb.