BAKI, 24 sentyabr. TELEQRAF
Abşeron rayonunda qonşusuna xəsarət yetirən şəxs həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Elşən (ad-soyad şərti verilib – red.) yaşadığı evin qarşısında qonşusu ilə mübahisə edib.
Mübahisəyə qonşusunun su kranını açmaq üçün onun həyətinə daxil olması səbəb olub. Elşən mübahisə zamanı qonşusunun sifət və bədən nahiyələrinə zərbələr endirib. Təxminən 20 dəqiqə sonra onu yenidən küçəyə çağıraraq mübahisəni davam etdirib, üzərində gəzdirdiyi “rezak”la qonşusunun sifət nahiyəsinə 5 zərbə vurub.
İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Elşən bildirib ki, Muradla əvvəllər normal münasibətləri olub:
"Biz 4 qonşu ümumi su borusunu təmir etmək üçün bir yerdə yığışdıq. Sonra Murad evinə gedəcəyini dedi. Geri qayıdanda mənə "sənin evinə getmişdim" dedi. Həmin vaxt əsəbimdən ona cavab vermədim. Təxminən 10-15 gün sonra Muradın hərəkətlərini izlədim. Ondan üzrxahlıq etməyi gözlədim.
Bir müddət sonra Muradı evimə dəvət elədim. Ondan birbaşa "mənim evimə getmisən, ya yox?" - deyə soruşdum. "Bəli, getmişəm, burda nə var ki" cavabını verdi. Əsəbləşib üzünə yumruq vurdum, sonra evimi tərk etməsini tələb etdim. Bir neçə gün sonra Muradı qızı ilə küçədə gördüm. Onu yanıma çağırdım. Telefonumu ona verdim, məscidin axundu ilə danışmasını istədim.
Mən əvvəlcədən axunddan Muradı başa salmağı xahiş etmişdim. Murad təxminən 2 dəqiqəyə yaxın telefonla danışdı. Onun deyilənlərə laqeyd yanaşdığını və kobud danışdığını gördüm. Cibimdəki bıçağı çıxarıb üz nahiyəsinə 4-5 zərbə vurdum, oradan uzaqlaşdım".
Elşən məhkəmədə əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə qiymətləndirib və törətdiyi əməldən peşman olmadığını bildirib. Həmçinin qonşusunu öldürmək niyyətində olmadığını deyib.
Zərərçəkmiş Murad bildirib ki, Elşənlə və digər qonşularla münasibətləri normal olub:
"Mart ayında mənə, Elşənə və qonşuluqda yaşayan 2 nəfərə məxsus su borusu qırılmışdı. Beş gün ərzində çətinliklə də olsa borunu bərpa edə bildik. Suyun təzyiqi yüksək olduğu üçün başqa su kranlarını açmaq lazım idi ki, təzyiq azalsın. Birinci öz evimə, sonra Elşənin evinə gedib su kranlarını açdım. Elşənə dedim ki, "sizin evə gedib su kranlarını açdım". O, heç bir etiraz etmədi və bunu normal qarşıladı.
Təxminən 1 ay sonra Elşən qapımızı döyüb məni həyətə çağırdı, evinə dəvət elədi. Elə bildim, nəyisə daşımaq üçün kömək istəyəcək. O, məndən niyə evindəki su kranını açdığını soruşdu. Mən də 1 ay əvvəl bu barədə ona məlumat verdiyimi dedim.
Elşən məni yumruqla vurdu və təhqir etdi. Yerə yıxıldım, dişim sındı. Mübahisə böyüməsin deyə ona qarşılıq vermədim. Evə qayıtdım, kiçik qızımla diş həkiminə gedəcəkdim. Yolda mənə zəng elədilər ki, Elşən həyətdə səs-küy salır, səni gözləyir. Evə çatanda Elşən üzərimə gələrək telefonunu mənə uzatdı, dedi, səninlə danışmaq istəyən var. Telefonu götürdüm, mənə yumruq vurdu. Əlbəyaxa olduqda Elşən cibindən bıçaq çıxarıb üz nahiyəmə xəsarətlər yetirdi".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Elşən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.