BAKI, 24 iyul. TELEQRAF
Bu gün səhər saatlarında Bakının Xəzər rayonu Binə Savxoz ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən "İSUZU" markalı avtobusla "Hyundai" markalı avtobus toqquşub.
Teleqraf xəbər verir ki, qəza nəticəsində 16-sı kişi, 6-sı qadın olmaqla 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
TƏBİB-dən bildirilib ki, qəza nəticəsində 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.