BAKI, 3 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” klubu bıçaqlanan futbolçusu Veysəl Rzayevin durumu ilə bağlı açıqlama verib.
Klubun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasovun Teleqraf-a verdiyi məlumata görə, hazırda 24 yaşlı oyunçunun həyati təhlükəsi yoxdur.
“Hadisə səhər saatlarında baş verib. Təfərrüatlar hələlik məlum deyil. Klub rəhbərliyi və komanda üzvləri hazırda xəstəxanadadır. Onun özünə gəlməsini gözləyirik”, – deyə G.Qiyasov bildirib.
Röyanə Oğuz
***
Fevralın 3-də saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub.
"Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta-ağırdır", - məlumatda qeyd olunub.
Məryəm Surxay
***
09:45
Gəncənin "Kəpəz" komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs isə axtarılır.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır, əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.