BAKI, 26 noyabr. TELEQRAF
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf xəbər verir ki Nizami rayon Məhkəməsinin qərarına əsasən, Abdulla İbrahimli və İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onların hər biri barəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.
***
10:04
Sosial şəbəkələrdə keçmiş SSRİ və Azərbaycan SSR bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb.
Teleqraf xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.