BAKI, 21 noyabr. TELEQRAF

Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında saat 19:32 radələrində Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Daxil olan məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzi hadisə yerinə cəlb edilib.

Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsaqov deyib.

Onun sözlərinə görə, yanğın çoxmərtəbəli yaşayış binasında elektrik şaxtalarında baş verib: "Hazırda yanğın tamamilə söndürülüb. Yanğından sonra mənzillər qorunub, insanlar təhlükəsiz əraziyə təxliyə olunub. Təxliyə olunmuş şəxslərin sayı dəqiq məlum deyil. Digər məlumatlar, o cümlədən xəsarət alanlar barədə məlumatlar ictimaiyyətə açıqlanacaq. Binadan sakinlər artıq təxliyə edilib və itkin düşən uşaqlar yoxdur".