BAKI, 20 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb və 1 nəfər avtomobilin altında sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.