BAKI, 22 oktyabr. TELEQRAF

Bakının Nizami rayonunda yerləşən tanınmış “Emerald” hotelini güclü yağışdan sonra su basıb. Nəticədə hoteldə qalan müştərilərdən birinə məxsus bahalı avtomobil yararsız vəziyyətə düşüb.

Teleqraf xəbər verir ki, hadisə 2024-cü il oktyabrın 22-də baş verib. Yağış suları hotelin zirzəmisinə dolaraq ərazidə ciddi ziyan yaradıb.

Həmin vaxt zirzəmidə dayanan “Grand Cherokee” markalı, 77-HA-647 dövlət qeydiyyat nişanlı avtomobil su altında qalıb və istifadəyə tamamilə yararsız hala düşüb. Avtomobilin sahibi hadisə ilə bağlı hotel rəhbərliyini məhkəməyə verərək 100 min manat təzminat tələb edib.

Öz növbəsində hotel rəhbərliyi məsuliyyətin sığorta şirkətinə aid olduğunu bildirərək, sığorta şirkətini məhkəməyə verib. İlkin araşdırma nəticəsində məlum olub ki, hotelin zərər görən zirzəmi hissəsi layihədə nəzərdə tutulmadığı halda avtodayanacaq kimi yenidən təmir edilərək istifadəyə verilib.

Qeyd edək ki, “Emerald” hoteli iş adamı Fariz Əşrəf oğlu Ağayevə məxsusdur. Obyekt 2022-ci il martın 15-də bağlanmış müqavilə əsasında Rüstəm Əmirova icarəyə verilib.