BAKI, 21 iyun. TELEQRAF

Bu gün mayın 3-də keçirilən birinci Azərbaycan dili imtahanında iştirak etməyən şagirdlər və ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin ilk imtahanda iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər üçün Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanı (ikinci cəhd) keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahanda 1414 nəfərin iştirakı gözlənilirdi.

İmtahanda 13 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edib. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İmtahanın idarə olunması üçün 9 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 145 nəzarətçi ayrılıb, 16 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub və imtahandan xaric edilib.

İyunun 22-dən etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 10 gündən sonra elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

***

07:27

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 3-də keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.

DİM-dən Teleqraf-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunacaq.

İmtahan bütün binalarda saat 10:00-da başlanır.

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 9 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 145 nəzarətçi ayrılıb, 16 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

İmtahanda 13 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.