BAKI, 21 iyun. TELEQRAF
ABŞ-nin Texas ştatında avtopilot rejimində hərəkət etdiyi ehtimal olunan Tesla "Model 3" markalı avtomobil yaşayış evinə çırpılıb, nəticədə bir nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə ABC telekanalı Harris dairəsi şerif ofisinə istinadən məlumat yayıb.
Hadisə iyunun 19-da axşam saatlarında Texas ştatının Keti şəhərində qeydə alınıb. Məlumata görə, Maykl Batler idarə etdiyi Tesla avtomobilində avtomatlaşdırılmış sürücüyə yardım sistemindən istifadə edirmiş.
İlkin araşdırmalara əsasən, avtomobil qarşı zolağa çıxmadan yoldan kənara çıxıb və yüksək sürətlə kərpicdən tikilmiş yaşayış evinə çırpılıb. Həmin vaxt evdə olan M. Avila zərbənin təsirindən ağır xəsarət alıb.
Qadın helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qəza zamanı sürücü də xəsarət alıb. İstintaq orqanlarının məlumatına görə, onun sərxoş vəziyyətdə olmadığı müəyyən edilib və o, polis əməkdaşları ilə əməkdaşlıq edir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Hələlik sürücüyə qarşı hər hansı ittiham irəli sürülməyib.