BAKI, 21 iyun. TELEQRAF

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirib.

DİM-dən Teleqraf-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt və Abşeronda təşkil olunub.

Ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.

İyunun 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

***

06:38

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.

DİM-dən Teleqraf-a bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq.

Təkrar imtahanda mayın 25-27-də qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər.

Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə mayın 25-26-da təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək imtahanda iştirak edə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanlarda 365 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 6 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.