BAKI, 21 iyun. TELEQRAF
İranın neft sənayesi münaqişənin nizamlanmasından sonra investisiya qoyuluşu üçün ən böyük sektor olacaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın neft naziri Möhsin Paknejad “Shana” agentliyi üçün yazdığı məqalədə bildirib.
M.Paknejad qeyd edib ki, münaqişədən sonrakı dövrdə ölkənin neft sənayesi qlobal iqtisadiyyat üçün maliyyə tərəfdaşlığı, eləcə də investisiya imkanlarının təqdim edilməsi baxımından ən böyük arenaya çevriləcək.
Tehranın yaxın vaxtlarda əməkdaşlıq təkliflərinə baxmağa və müqavilələr bağlamağa hazır olduğunu vurğulayan nazir rəhbərlik etdiyi qurumun investorların işçi qruplarını operativ şəkildə təşkil etməyə hazır olduğunu da əlavə edib.
Xatırladaq ki, iyunun 20-də İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrailin ABŞ ilə imzalanmış memorandumu pozaraq Livan ərazisinə endirdiyi zərbələrə cavab olaraq Hörmüz boğazını bağladığını elan edib. Bundan əvvəl, iyunun 19-da isə İsrail ordusu Livandakı fəaliyyətini aktivləşdirərək respublikanın bir sıra rayonlarında "Hizbullah"ın çoxsaylı obyektlərinə hücum edib. İsrail rəsmiləri bu addımın ölkənin şimal rayonlarının atəşə tutulmasına və Cənubi Livandakı hərbçilərinə hücumlara cavab olaraq atıldığını bəyan ediblər.