BAKI, 21 iyun. TELEQRAF
Polşanın keçmiş baş naziri Leşek Miller Prezident Karol Navrotski ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaranmış gərginlik fonunda Kiyevi Varşavaya ordenlər deyil, verilən silah və hərbi texnikanı qaytarmağa çağırıb.
Teleqraf xəbər verir ki, Leşek Miller bu barədə "Polsat" telekanalının efirində danışıb.
Bundan əvvəl Volodimir Zelenski Polşa prezidentinə verilmiş ordeni geri qaytardığını açıqlamışdı. Karol Navrotski isə Zelenskini Ağ Qartal ordenindən məhrum etmək qərarı verdiyini bildirmişdi. Buna səbəb kimi Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə UPA (Ukrayna Üsyançı Ordusu) üzvlərinin adının verilməsi göstərilmişdi.
"Əgər hamı aldıqlarını geri qaytarmağa bu qədər həvəslidirsə, qoy MiQ qırıcılarını, tankları və silahları da geri qaytarsınlar. Bu, xoşməramlı addım olardı, elə deyilmi?" - deyə Miller bildirib.
Sabiq baş nazir əlavə edib ki, Ağ Qartal ordeni keçmişdə də mübahisəli şəxslərə, o cümlədən İtaliyanın keçmiş diktatoru Benito Mussoliniyə təqdim olunub.
Millerin sözlərinə görə, Zelenski ordeni qəbul edərkən bundan imtina edə bilərdi, lakin həmin vaxt buna etiraz etməyib.