BAKI, 21 oktyabr. TELEQRAF

20 oktyabr saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zabrat ərazisindən təcili çağırış daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən azyaşlının (kişi cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə həkim yanında ölüm faktı qeydə alınıb.

32 yaşlı şəxsə (kişi) isə ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alt çənə sümüyünün sınığı, qabırğa sümüyünün sınığı, üz və baş dərisinin sıyrılmış yaraları diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

***

13:14

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində baş vermiş qəzanın təfərrüatı məlum olub.

Teleqraf xəbər verir ki, hadisə Tramvay küçəsində, Tural Süleymanlının idarə etdiyi “BMV” markalı maşında baş verib.

Ailəsinin verdiyi məlumata görə, Tural Süleymanlı evin qarşısında maşın sürərkən 7 yaşlı oğlunu ön oturacaqda əyləşdirib. Ata sükan arxasında qıcolma keçirib və ayağını qaz pedalına sıxıb. Maşın qonşularına məxsus dəmir qapıya çırpılıb.

Ailə bildirib ki, uşaq hadisə vaxtı hər hansı xəsarət almayıb, qorxudan şok keçirərək evlərinə gedib.

Halı pisləşən uşağı 1 saylı Kliniki Tibb Mərkəzinə çatdırıblar. Xəstəxanada müayinə edildikdən sonra dünyasını dəyişib.