BAKI, 21 oktyabr. TELEQRAF
Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında “BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dan məlumat verilib.
Bildirilib ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb.
Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən qəza ilə bağlı məlumat verilib.
Məlumatda deyilir ki, bu gün saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış daxil olub.
Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub.
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
***
10:22
Paytaxtda idarəetmədən çıxan sərnişin avtobusu bulvar ərazisinə girib.
Teleqraf xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.
İdarəetmədən çıxan “Bakubus” MMC-yə məxsus sərnişin avtobusu bulvar ərazisinin yaşıllıq zolağına girib. Xəsarət alanlar var.
Faktla bağlı araşdırma başlanıb.