BAKI, 6 sentyabr. TELEQRAF

Biləcəri qəsəbəsində baş verən ağır qəzada yaralılardan biri yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, qəza nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib.

***

11:33

Məlumat verildiyi kimi, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, avtoqəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

11:05

Paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

10:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

***

10:17

Bakının Binəqədi rayonunda, Biləcəri dairəsində ağır yol qəzası olub.

Teleqraf-a bu barədə hadisə şahidləri məlumat verib.

Yasamal yolundan Sumqayıt yoluna dönən hissədə iri tonnajlı yük maşını idarəetmədən çıxaraq Biləcəri dairəsində işıqforda dayanan piyadaların üzərinə aşıb.

Maşının üzərində daşınan böyükhəcmli borular qəza zamanı 2-3 minik avtomobilinin üzərinə tökülüb.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində ölüm ehtimalı yüksəkdir. Xəsarət alanların sayı hələlik məlum deyil.