AĞCABƏDİ. 20 aprel, TELEQRAF
Ötən gün saat 21:50 radələrində Ağcabədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (1 qadın, 1 kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Yaralılara qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarın nahiyəsinin küt travması, başın təpə nahiyəsinin kəsilmiş, çapılmış yaraları, sol bud və alın sümüklərinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən 1973-cü il təvəllüdlü şəxs yaxınlarının istəyilə Goranboy rayonunda fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.
Digər yaralı, vəziyyəti orta ağır qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs (qadın) isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
Qeyd edək ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü şəxsin (kişi) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
***
20.04.2026 /22:14
Ağcabədidə baş verən qəza zamanı 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Hindarx qəsəbəsində baş verib.
Ağdam rayon sakini Gündüz Süleymanov idarə etdiyi "VAZ"2107 markalı avtomobillə hərəkətdə olarkən "KamAZ"markalı avtomobillə toqquşub.
Nəticədə sürücü G.Süleymanov hadisə yerində həyatını itirib.
Avtomobildə olan sərnişinlər Aysel Səlimova və Yalçın Əhmədov ağır xəsarətlər alıblar.
Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb