CƏLİLABAD, 19 aprel. TELEQRAF
Cəlilabadda baş verən ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki azyaşlının xəsarət alması ilə nəticələnib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb.
Hadisə zamanı sürücünün həyat yoldaşı Aytel Əbdürrəhmanova aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.