BAKI, 21 aprel. TELEQRAF
Bu gün saat 10:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Biləcəri-Sədərək yolu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospital olunub.
Onlara kəllə sümüyünün sınığı, başın açıq yarası, epidural qanaxma diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
1972-ci il təvəllüdlü pasiyent (kişi) cərrahi əməliyyata qəbul olunub.
Vəziyyəti ağır qiymətləndirilən 2004-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
1975-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Məryəm Surxay
***
11:35
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Toyota" markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.