BAKI, 5 sentyabr. TELEQRAF

Bu gün axşam saatlarından başlayaraq Daşkəsən rayonuna leysan yağıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, leysan və dolu nəticəsində ucqar dağ kəndlərindən olan Alaxançalıdan keçən çayda su səviyyəsinin artmasına səbəb olub.

Daşkəsən Rayon Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Bayramov Teleqraf-a açıqlamasında bildirib ki, Alaxançallı kəndi ərazisinə yağan qısamüddətli leysan nəticəsində kənddən keçən Gəncə çayında su çoxalıb.

"Hər hansı təhlükəli vəziyyət müşahidə olunmur. İntensiv yağış fəsad törətməyib. Ərazidə həyat normal axarında davam edir" - icra nümayəndəsi bildirib.

Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.