
BAKI, 22 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunun 3-cü Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının biri-birinə bitişik evlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 50 m² olmaqla ümumi sahəsi 100 m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olmaqla ümumi sahəsi 80 m² olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Bitişik digər evlər yanğından mühafizə olunub. Hadisə zamanı bir nəfər xəsarət alıb.