
BAKI, 13 mart. TELEQRAF
Rusiya Federasiyasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bilirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Osmanlı Turqut Mehman oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Osmanlı Turqut Mehman oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Turqut Osmanlı Rusiya Federasiyasının ərazisində saxlanılaraq 12 mart 2025-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.