
GÖYGÖL, 5 mart. TELEQRAF
Göygölün Aşıqlı kəndində baş verən müəmmalı hadisə nəticəsində 4 nəfərin ölməsi xəbəri, onların ailə üzvləri və yaxınları ilə yanaşı, ümumilikdə rayonda böyük sarsıntıya səbəb olub.
Teleqraf-ın yerli bürosunun Aşıqlıya ezam olunan əməkdaşının xəbərinə görə, hazırda hadisə yerində araşdırmalar davam edir, lakin faciənin dəqiq səbəbləri hələlik məlum deyil.
Aşıqlıda Göygöl Rayon Prokurorluğunun əməkdaşları ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri də işləyirlər.
Onlar hərtərəfli yoxlama apararaq faciənin səbəblərini müəyyən etməyə çalışırlar.
Dörd nəfərin həyatına zəhərlənmənin və ya başqa bir amilin son qoyduğu evdə aparılan hərtərəfli araşdırmalar, keçirilən ekspertizalar nəticəsində aydınlaşacaq. Rəsmi qurumların yaxın zamanlarda bu faciənin dəqiq səbəbləri ilə bağlı açıqlama verməsi gözlənilir.
Hazırda isə bir neçə ehtimal üzərində dayanılır. İndiyədək aydınlaşan yalnız ölənlərin kimliyi və hansı rayon sakinləri olmasıdır. Evdən meyitləri tapılan Səbinə Müseyibova (1990-cu il təvəllüdlü), Seymur Hüseynli (1999-cu il təvəllüdlü), Münəvvər Hüseynova (2000-ci il təvəllüdlü) və Xatirə Hüseynova (2004-cü il təvəllüdlü) əslən kəlbəcərlidir. Seymur, Xatirə və Münəvvər bacı-qardaşdır. Onlar Kəlbəcərin Qılınclı kəndindən, 1990-cı il təvəllüdlü S.Müseyibova isə rayonun Laçınlı kəndindəndir.
Ölənlərdən Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. 2004-cü il təvəllüdlü olan Xatirə, yay aylarında daha çox turistlərə kirayə verilən həmin evdə həyatını itirib.
Digər dəqiqləşən nüans isə mənzilin kirayə verilməsi və istirahət məqsədilə istifadəsidir. Yay mövsümündə bu cür mənzillər tez-tez turistlər və istirahət etmək istəyən insanlar tərəfindən kirayəyə götürülüb.
Aşıqlı kəndində dünyasını dəyişən şəxslərin qohumu Hafiz Rəsulov Teleqraf-ın əməkdaşına açıqlamasında deyib ki, ölən şəxslər kəndə istirahətə gediblərmiş:
"Hadisəni səhər eşitmişik. Onlar kəndə istirahətə gediblər. Orada gecələyiblər. Sonra məlum hadisə baş verib. İndi biz də bilmirik, qida zəhərlənməsidir, yoxsa qazdan boğulublar. Ölənlərdən üçü bacı-qardaşdır, biri isə qonşudur".